image

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Bakı şəhərində 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000-dən çox, Naxçıvan MR-dən isə 700-yə yaxın şagird qatılıb.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər mart ayında təşkil ediləcək olimpiadanın Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcəklər. Fənn olimpiadaları rayon (şəhər) və Respublika mərhələsi olmaqla iki mərhələdən, Respublika mərhələsi isə öz növbəsində yarımfinal və final tur olmaqla iki mərhələdən ibarətdir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.