Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (İJSO - İnternational junior science olympiad) –on altı yaşı olimpiadanın keçiriləcəyi ildə tamam olmayan məktəblilar arasında, təbiət fənnlərindən(fizika, kimya və biologiya), həm fərdi, həm də komanda şəklində keçirilən olimpiadadır. Olimpiada ilk dəfə 2004 –cü ildə İndoneziyada 33 ölkənin iştirakı ilə keçirilmişdir. Hal-hazırda olimpiada hər il dekabr ayının ilk 10 günü 50 ölkənin iştirakı ilə keçirilir. Bu olimpiadanın əsas məqsədi şagirdlər arasında təbiət fənnlərini populyarlaşdırmaq, istedadlı şagirdləri elmi araşdırma istiqamətində inkişafına maraq oyatmaq, elmi araşdırmada kompleks və komanda şəklində yanaşma metodikasını inkişaf etdirmək və ilkin yaşlarda dünyanın müxtəlif yerlərindən olan yeniyetmələrin öz aralarında dostluq qurmalarıdır.

Bu olimpiadada hər ölkə tərkibi 3 yeniyetmə məktəblidən ibarət olan bir və ya iki komanda, 3 rəhbər ilə iştirak edə bilər. Olimpiadada suallar ingilis dilində verilsə də, komanda rəhbərləri sualları iştirakçılar üçün qabaqcadan ana dillərinə tərcümə edə bilərlər. Olimpiada zamanı mədəniyyət gecəsi də olur ki, bu zaman iştirakçılar öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdirə bilərlər.

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası üç fənndən test (3 saat), nəzəriyyə (3 saat) və praktik imtahan(4 saat) olmaqla 3 mərhələdə həyata keçirilir. İmtahanlar ayrı günlərdə həyata keçirilir. Test və nəzəriyyə imtahanın balı ayrı –ayrılıqda hərəsi 30 bal, praktiki imtahan isə 40 baldır. Test və nəzəriyyə imtahanımda şagirdlər fərdi, praktiki imtahanda isə komanda şəklində yarışırlar. Praktiki imtahan zamanə tapşırıqlar verilir və 3 nəfərlik komanda tərəfindən birlikdə yerinə yetirilir.

Qaydalara əsasən olimpiadada iştirak edən şagirdlərin ən çoxu 60%-i mükafatlandırılır. Belə ki, qalib şagirdlər 1:2:3 nisbətində I,II,III diplomu və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.

Azərbaycan məktəbliləri 2004-cü ildən etibarən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iştirak edir və 1 qızıl, 6 gümüş, 20 bürünc medal olmaqla cəmi 27 medal əldə etmişdir. Bu medalların 15-i son üç ildə qazanılmışdır.