image
  • Respublika Fənn Olimpiadaları (RFO) nədir?
  • Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə keçirilməklə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır.
  • RFO hansı turlardan və mərhələlərdən ibarətdir?
  • Respublika Fənn Olimpiadaları rayon (şəhər) mərhələsi və Respublika mərhələsi olmaqla iki mərhələdən, Respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir.
  • RFO hansı fənlər üzrə keçirilir?
  • Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənlər üzrə keçirilir.
  • RFO-da necə iştirak edilə bilər?
  • Respublika Fənn Olimpiadalarında iştirak məqsədilə təhsil aldığınız ümumtəhsil müəssisəsinə müraciət edə bilərsiniz.
  • RFO-da neçənci sinif şagirdləri iştirak edə bilərlər?
  • Respublika Fənn Olimpiadalarında əsasən IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.
  • RFO-da tapşırıqlar kimlər tərəfindən hazırlanır?
  • Respublika Fənn Olimpiadalarında şagirdlərə təqdim edilən tapşırıqlar, təhsil nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır.
  • RFO tapşırıqları hansı mövzuları əhatə edir?
  • Respublika Fənn Olimpiadalarının proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilmiş, eləcə də www.olimpiada.edu.az saytında yerləşdirilmişdir.
  • RFO rayon (şəhər) mərhələsində növbəti tura keçid faizi nə qədərdir?
  • Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60% və yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak etmə hüququ qazanır. Respublika Təşkilat Komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə olaraq aşağı salına bilər.
  • RFO müvafiq mərhələlərində şagirdlər hansı kateqoriya üzrə iştirak edirlər?
  • Rayon (şəhər) mərhələsində şagirdlər sinifləri üzrə iştirak edirlər. Sadəcə VIII sinif şagirdləri öz bilik və bacarıqlarını IX sinif şagirdləri ilə birgə müvafiq proqram əsasında nümayiş etdirirlər.
  • Respublika mərhələsinin həm yarımfinal, həm final turunda tapşırıqlar iştirakçılara siniflər üzrə deyil, yaş qrupları üzrə təqdim edilir:
  • VIII – IX  siniflər Aşağı yaş qrupu
  • X – XI siniflər   Yuxarı yaş qrupu
  • RFO respublika mərhələsinin yarımfinal turunda tapşırıqlar və qiymətləndirmə hansı qaydada olur?
  • Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə hər fənn və hər yaş qrupuna müvafiq olaraq 30 sual qapalı test formatında təqdim edilir. Respublika mərhələsinin yarımfinal turunda tapşırıqlar çətinlik dərəcəsinə görə 3 hissəyə bölünür:
  • 1-10-cu suallar ( 3 bal ilə qiymətləndirilir)
  • 11-20-ci suallar ( 4 bal ilə qiymətləndirilir)
  • 21-30-cu suallar ( 5 bal ilə qiymətləndirilir)
  • RFO final mərhələsinə keçid şərtləri necədir?
  • Respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən hər fənn üzrə eyni qayda tətbiq edilmək şərti ilə
  • Aşağı yaş qrupundan ilk 24 və 24-cü ilə eyni balı toplayan şagirdlər
  • Yuxarı yaş qrupundan ilk 48 və 48-ci ilə eyni balı toplayan şagirdlər finalda iştirak etmək hüququ qazanırlar.
  • RFO respublika mərhələsinin final turunda tapşırıqlar və qiymətləndirmə hansı qaydada olur?
  • Respublika mərhələsinin final turu açıq tipli suallardan təşkil edilir. Şagirdlərin yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılır və qiymətləndirilir. Respublika təşkilat komitəsi və münsiflər heyəti tərəfindən iştirakçılara tapşırıqların həlləri təqdim edilir. Final turundan bir gün sonra münsiflər heyəti ilə iştirakçıların birgə yazı işlərinə baxış prosesi keçirilir.
  • RFO nəticələri necə təsdiqlənir?
  • Respublika Fənn Olimpiadalarının yekun nəticələri münsiflər heyətinin təqdimatı əsasında Respublika Təşkilat Komitəsinin qərarı ilə təsdiqlənir.
  • RFO qalibləri hansı qaydada müəyyənləşdirilir?
  • Qaydalara əsasən final mərhələdə iştirak edən şagirdlərin 50%i qalib elan edilir və onlara, olimpiadanın medalı, diplom və hədiyyələr təqdim edilir.
  • Final mərhələnin bütün iştirakçılarına sertifikat verilir.

 

  • Qeyd: Daha çox məlumat əldə etmək istəyən şəxlər info@olimpiada.edu.az email vasitəsilə suallarını ünvanlaya bilərlər.