image

5-7-ci sinif şagirdləri üçün təşkil edilən Azercell Cup proqramlaşdırma müsabiqəsinə qeydiyyat prosesi yekunlaşmışdır. 2000-dən çox şagird müsabiqədə iştirak üçün müraciət etmişdir. Artıq həmin şagirdlərin sorğuda qeyd etdikləri email ünvanlarına video təlimat, istifadəçi adı və şifrə göndərilmişdir. Qeydiyyatdan keçənlərdən elektron ünvanlarında gələn e-maillər və spam qutusunu yoxlamaqları xahiş olunur. 23-24-25-26 iyun 2021-ci il tarixində şagirdlərin sistemdən istifadə bacarıqlarının formalaşdırılması üçün məşq turu təşkil ediləcəkdir. Hər bir şagird ona göndərilən link vasitəsilə sistemə daxil olaraq təqdim edilən 2 məsələni həll etməklə əsas yarışa hazırlaşa bilər. Məsələlər Azərbaycan, rus və ingilis dillərində təqdim edilir. Sistemə daxil olunan vaxtdan etibarən 3 saat ərzində həll göndərmək mümkündür. Məşq turu əsas nəticəyə təsir etmir. Sadəcə yoxlama məqsədilə təşkil olunur. Hər hansı bir səbəbdən email ala bilməyən iştirakçıların info@olimpiada.edu.az ünvanına müraciət etmələri xahiş olunur. Həmin müraciətlər üçün istifadəçi adları və şifrələr 25.06.2021-ci il tarixində axşam saatlarında göndəriləcəkdir. Əsas yarış isə 27.06.2021-ci il tarixində təşkil ediləcəkdir. Yarış prosesində şagirdlər təqdim edilən alqoritmik məsələlərə C++ və ya Python proqramlaşdırma dillərinin hər hansı birində həll göndərməlidirlər. İştirakçılardan xahiş olunur ki,yarışa girməzdən əvvəl və yarış boyu sistemdəki "Sual-Cavab" hissəsindəki elanları oxusunlar.

Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır!