2021-ci ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqotada şəhərində keçiriləcək 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasnda ölkəmizi təmsil edəcək iştirakçıların seçmə imtahanının ikinci mərhələsi keçirildi. 25.07.2021-ci il tarixində Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına seçmə imtahanının birinci turu virtual formada keçirilmişdir, daha sonra şagirdlər hazırlıq dərslərinə dəvət olunmuşdur. Hazırlıq dərslərinin təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılması, ölkədə olimpiada hərəkatının genişlənməsinə töhfə verməkdir. Məktəblilər öz məktəblərində dərslərinə davam etməklə yanaşı, həftədə bir neçə dəfə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Olimpiadaya hazırlıq dərslərində şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları artırılır.
Hazırlıq dərsləri BDU, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitunun birgə təşkilatçılığı və Təhsildə inkişaf və İnnovasiyalar Üzrə V qrant müsabiqəsinin maliyyə dəstəyi ilə keçirilir. Dərslərdə ölkəmizi bu yarışda təmsil edəcək iki mərhələdən ibarət müsabiqədə seçilmiş 9-11 sinif şagirdləri iştirak edir.
Qeyd edək ki, ölkəmiz bu olimpiadaya 2007-ci ildən sonra ilk dəfə ötən tədris ilində qatılıb və iştirakçılar həvəsləndirici diplom və sertifikatlar ilə təltif olunublar. Respublika üzrə keçirilən seçim turu fəlsəfə, məntiq, astronomiya, tibb və sair elmlərə dərindən bələd olmuş dünya şöhrətli şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.