image

Dekabrın 20-də dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına Beynəlxalq Olimpiadanın onlayn formatda açılış mərasimi keçiriləcək. 


Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. Olimpiadada dünyanın müxtəlif ölkələrindən məktəblilər iştirak edəcəklər. Onlayn keçirilməsi planlaşdırılan olimpiadaya yaşı 18-dən çox olmayan məktəblilər qatıla biləcəklər. 


Riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt, informatika fənni üzrə isə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək.


Qeyd edək ki, dekabrın 22-də  riyaziyyat,  dekabrın 23-də informatika fənni üzrə yarış günü, dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.