Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO – Junior Balkan mathematics olympiad) – aşağı sinif məktəbli şagirdlər arasında keçirilən regional olimpiadadır. Olimpiadanın keçirildiyi tarixədək yaşı 15,5 olmayan hər bir məktəbli ölkə komandası daxilində bu olimpiadada iştirak edə bilər. Keçirilmə qaydaları Balkan riyaziyyat olimpiadası ilə eyni olan Yeniyetmələrin Balkan Riyaziyyat olimpiadasının təşkil edilməsində əsas məqsəd aşağı sinif şagirdlərinin olimpiadalara marağını artırmaq, onlar arasında beynəlxalq yarışlar təşkil etməkdir. Əsasən Balkan ölkələri arasında keçirilən bu olimpiada ilk dəfə 1984-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir. Balkan ölkələri ilə yanaşı digər ölkələrdən də şagirdlərin iştirakı ilə keçirilən bu elm yarışına maraq olduqca böyükdür. Balkan Riyaziyyat olimpiadasında olduğu kimi imtahan bir gün olur. 4 saat 30 dəqiqə ərzində şagirdlərə cavablandırmaları üçün 4 tapşırıq təqdim edilir. Olimpiadada iştirak edən şagirdlərin 3/4 hissəsi mükafatlandırılır. Qaliblər 1:2:3 nisbətində I,II,III diplomu və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar. Olimpiadanın 1 sualını tam həll edən şagirdlərə “Həvəsləndirici Sertifikat” təqdim edilir. Balkan riyaziyyat olimpiadasında ölkələr 1 rəhbər, 1 rəhbər müavini və maksimum 6 şagirddən ibarət komanda ilə iştirak edə bilərlər. Azərbaycan məktəbliləri 2011-ci ildən etibarən bu mötəbər elm yarışında iştirak edir və 1 qızıl, 9 gümüş, 13 bürünc medal olmaqla cəmi 23 medal əldə etmişdir.