Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO - İnternational mathematics olympiad) – məktəbli şagirdlər arasında keçirilən ən qədim və ən mötəbər bilik yarışıdır. İlk dəfə 1959-cu ildə Rumıniyada  4 ölkənin iştirakı ilə keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında son illər iştirak edən ölkələrin sayı 100-dən çox olmuşdur.  Beynəlxalq Riyaziyyat olimpiadası hər il fərqli ölkədə olmaqla iyul ayında təşkil edilir və keçirilir.

Beynəlxalq Riyaziyyat olimpiadasının keçirilməsində əsas məqsəd, istedadlı şagirdlərin aşkar edilməsi, riyaziyyat fənnini dərindən öyrənən şagirdlərin yetişdirilməsi, xüsusi istedad malik olan şagirdlərin öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə şəraitin yaradılmasından ibarətdir.

Beynəlxalq Riyaziyyat olimpiadasında hər ölkə bir rəhbər, bir rəhbər müavini və maksimum 6 şagirdi ilə iştirak edir. Olimpiadanın qaydalarına əsasən yaşı 20-dən böyü olmayan istənilən məktəbli ölkə komandası daxilində bu bilik yarışında iştirak edə bilər.

Beynəlxalq Riyaziyyat olimpiadasında şagirdlərə iki fərqli gün hərəsində 3 (üç) sual olmaqla 6 tapşırıq təqdim edilir. Bu üç sualın həllinə şagirdlərə 4 saat 30 dəqiqə zaman verilir. Olimpiadanın rəsmi dili ingilis dili olmaqla, iştirakçılara rəhbərlər tərəfindən tərcümə edilmiş tapşırıqlar ana dilində təqdim edilir.  

Qaydalara əsasən olimpiadada iştirak edən şagirdlərin ən çoxu 50%-i mükafatlandırılır. Belə ki, qalib şagirdlər 1:2:3 nisbətində I,II,III diplomu və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar.

Azərbaycan məktəbliləri 1992-ci ildən etibarən bu mötəbər elm yarışında iştirak edir və 8 gümüş, 33 bürünc medal olmaqla cəmi 41 medal əldə etmişdir.